Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində XV Regional Oftalmologiya Konfransı keçirilib. Elm, təcrübə və müasir tibbi innovasiyaları bir araya gətirən tədbirdə ölkənin müxtəlif tibb müəssisələrindən tanınmış mütəxəssislər iştirak edib.
Konfransın açılışında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, t.e.d., professor Elmar Qasımov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O, son illərdə ölkədə aparılan səhiyyə islahatları, innovativ tibbi xidmətlərin regionlara inteqrasiyası və xüsusilə oftalmologiya sahəsində əldə olunan nəticələr barədə danışıb: “Oftalmoloji xidmətlərin keyfiyyətinin artırılması və müasir cərrahi metodların regionlara çatdırılması dövlətin səhiyyə siyasətinin prioritet istiqamətlərindəndir.”
Konfransın I hissəsində orqan donorluğu və transplantasiya ilə bağlı çıxışlar isə xüsusi maraqla qarşılanıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquqşünası Hüseyn Camalov “Azərbaycanda orqan donorluğu və transplantasiyasının hüquqi bazası” mövzusunda çıxış edib. Ölkədə donor və transplantasiya fəaliyyətini tənzimləyən qanunvericilik, tətbiq olunan yeni prosedurlar, etik standartlar və beynəlxalq təcrübə ilə uyğunlaşdırılan hüquqi mexanizmlər barədə geniş məlumat verib. “Azərbaycanda son illər donor hüquqlarının qorunmasına xüsusi diqqət ayrılıb. Koordinasiya Mərkəzinin fəaliyyəti nəticəsində daha şəffaf donor registri formalaşdırılıb və hüquqi mexanizmlər həm canlı, həm də meyit donorluğun səmərəli təşkilinə imkan yaradıbu”- deyə o, çıxışında qeyd edib.
Daha sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim - koordinatoru Mehriban Əliyeva çıxış edərək “Mən nəyə görə donor olmaq istəyirəm?” sualını elmi əsaslarla izah edib. Onun çıxışı konfransın ən emosional və maarifləndirici məruzələrindən biri kimi yadda qalıb.
“Donorluq insan həyatını xilas etməyin ən ali forması, cəmiyyətin həmrəylik göstəricisi və elmi inkişafla humanitar davranışın kəsişdiyi sahədir”,- deyə Mehriban Əliyeva bildirib.
O, həmçinin Azərbaycanda donorluqla bağlı ictimai məlumatlandırmanın artdığını və insanların bu prosesə daha açıq yanaşmağa başladığını da vurğulayıb.
XV Regional Oftalmologiya Konfransı yalnız oftalmoloji yeniliklərin müzakirəsi üçün deyil, həm də donorluq mədəniyyətinin təşviqi və humanitar dəyərlərin önə çıxarılması baxımından əhəmiyyətli platforma rolu oynayıb.